“Parni iz Baku” və “Sbornaya Baku” Kremldə eyni səhnədə çıxış edəcəklər
10.11.2016

Bu gün Beynəlxalq ŞHK (“Şən və Hazırcavablar Klubu”) günüdür. Bu, ŞHK komandalarına hər hansı şəkildə aidiyyəti olan hər kəs üçün bayramdır.

Bu il ŞHK 55 yaşını qeyd edir. Bu münasibətlə noyabrın 12-də Moskvanın əsas teatr-konsert məkanı olan Dövlət Kreml Sarayında müasir ŞHK komandalarının ən yaxşılarının iştirakı ilə böyük bayram konserti olacaq. Aleksandr Maslyakovun dəvəti ilə bu bayramda Azərbaycanı iki komanda - əfsanəvi “Parni iz Baku” və “Sbornaya Baku” komandasının gənc ulduzları təmsil edəcəklər. Bizim “KVN”çilər bu böyük tədbirdə iştirak etməyə hazırlaşmaq üçün Moskvadadırlar.

Azərbaycan ŞHK liqasının rəhbəri Rəşad Əzizov deyib: “Bu, ŞHK tarixində ən genişmiqyaslı tədbirlərdən biridir. Təsadüfi deyildir ki, təntənəli yubiley şənliyi ilk dəfə məhz Kremldə keçiriləcək, bu tədbirə yüksəkvəzifəli şəxslər tamaşa edəcəklər. Artıq xeyli vaxtdır ki, ŞHK adi oyun deyil, milyonlarla insanın həyat tərzidir. Mən deyərdim ki, ŞHK ölkələri birləşdirən və xalqlar dostluğu ideallarını təbliğ edən gənclər siyasətinin ən mühüm vasitəsidir. Kremldəki tədbirdə Azərbaycanı ölkəmizdəki ŞHK-nın bütün nəsillərinin nümayəndələri təmsil edəcək. Şübhə etmirəm ki, biz öz zəngin mədəniyyətimizi və nəsillərin varislik ənənələrini rusiyalı tamaşaçıya layiqincə çatdıra biləcəyik”.

“Sbornaya Baku” komandası hərtərəfli dəstəyə görə gənclər və idman naziri Azad Rəhimova və Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevaya təşəkkürünü bildirir.

azertag.az