“DINKtravelers” internet portalı Bakının turizm imkanlarından bəhs edib
10.11.2016

Beynəlxalq mədəni irsin və turizm imkanlarının təqdimatı ilə məşğul olan, ingilis və ispan dillərində yayımlanan “DINKtravelers” internet portalında “Bakının İçərişəhərində Qız qalası” sərlövhəli məqalə dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən bildiriblər ki, məqalədə Bakının mərkəzində yerləşən, qədim və möhtəşəm qala divarları ilə əhatə olunmuş İçərişəhərin UNESCO tərəfindən Ümumdünya İrsi Siyahısına salındığı və Qız qalasının şəhərin rəmzi kimi tanındığı qeyd edilib. Bildirilib ki, Xəzərin sahilində yerləşən Bakı turistləri qəbul etmək üçün əlverişli infrastruktura malikdir. Ən maraqlısı odur ki, Bakıda Asiya və Avropa arasındakı məşhur tarixi sərhədlə tanış olmaq olar. Artıq Azərbaycanı ziyarət edən turistlər arasında Bakı daha populyardır. Çünki bu şəhərdə müasir küçə və binalarla yanaşı, minillik tarixə malik qədim memarlıq abidələrinə də rast gəlmək olar. Həmçinin diqqətə çatdırılıb ki, Qərbi Asiya regionunda tolerantlığın nümunəsi olan Azərbaycanda müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika qurulub.

Məqalədə, həmçinin Bakıda turistlər üçün müxtəlif cəlbedici yerlərin mövcudluğu qeyd olunur. Buna misal olaraq, Xəzərin sahilində yerləşən Bakı bulvarı, qədim divarlarla əhatə olunmuş İçərişəhər və Qız qalası göstərilib. Bakının görünüşünün qədim və müasir hissələrlə tamamlandığı, bu gün paytaxtın firavan şəhər kimi müasir memarlıq üslubunu özündə əks etdirdiyi vurğulanıb.

Həmçinin Bakıda Formula-1 yarışının yüksək səviyyədə keçirildiyi də oxucuların diqqətinə çatdırılıb.

Xüsusilə Qız qalasına həsr edilmiş bölmədə bu qədim abidənin hazırda muzey kimi fəaliyyət göstərildiyi qeyd olunub. Həmçinin bu tarixi-memarlıq əsərinin Azərbaycanın pul əskinaslarının üzərində və müvafiq rəsmi sənədlərində təsvir olunduğu bildirilib. Hündürlüyü 28 metr olan Qız qalasının səkkizmərtəbəli binasının yarı silindrik formalı strukturu barədə məlumat verilib. Bildirilib ki, qala ilk inşa edilən zaman dənizə yaxın olsa da, hazırda sahildə yerləşir. Buna səbəb kimi dənizin geri çəkilməsi göstərilir.

Bundan başqa, yazıda turistlərə axşamlar möhtəşəm işıqlandırılması ilə göz oxşayan Bakıda gəzintiyə çıxmaq, UNESCO-nun mədəni irs siyahısında olan Şirvanşahlar sarayı və Zərifə Salahovanın şəxsi kolleksiyası əsasında yaradılmış, dünyada yeganə olan Miniatür Kitab Muzeyini ziyarət etmək məsləhət görülür.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: http://www.dinktravelers.com/es/article/view?id=325

azertag.az