Bakı–Pirşağı–Sumqayıt istiqamətində 29,2 kilometr uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmirinə başlanılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildiriblər ki, əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi həyata keçirir. İşlər mərhələli qaydada aparılır. Hazırda dairəvi dəmir yolunun Nərimanov–Böyükşor mənzilində 2,2 kilometr uzunluğundakı hissəsinin təmirinə başlanılıb.
“Dəmiryolservis” MMC-nin direktoru Əli Əşrəf Lütəlibəyovun verdiyi məlumata görə, hazırda torpaq yatağının işlənməsi prosesi gedir.
Ümumiyyətlə, bu layihə həyata keçirildikdən sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə nəqliyyat problemi qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci kilometr qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıtda yaşayan əhali elektrik qatarlarının xidmətindən istifadə edərək mənzil başına rahat və təhlükəsiz çatacaq.
azertag.az