Fond materialı bərpa olunub
10.11.2016

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi fondlarını zənginləşdirmək məqsədilə maddi-mədəniyyət nümunələrinin qəbulunu davam etdirir.

Muzeydən bildiriblər ki, son zamanlarda qəbul edilmiş tunc şamdan bu müəssisənin bərpa laboratoriyasında bərpa olunub.

Zaqatala rayonunda əkin sahəsindən tapılmış şamdan nazik tunc lövhədən nəfis şəkildə hazırlanıb, hündürlüyü 25 santimetrdir. Gövdəsi boruşəkilli, en kəsiyi altıbucaqlıdır.

Azərbaycanın orta əsrlər maddi mədəniyyətinə aid olan şamdan təmsil etdiyi dövrdə metalişləmə sənətinin inkişaf səviyyəsi haqqında dolğun təsəvvür yaradır. Bununla yanaşı, bu tapıntı Azərbaycanın orta əsrlər dövrü əhalisinin məişətini və bədii-estetik zövqünü əks etdirən mənbə kimi də çox dəyərlidir.

azertag.az