Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncam iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədilə imzalanıb.
Sərəncamda bildirilir ki, Yüksək Texnologiyalar Parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədiilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. Yüksək Texnologiyalar Parkına münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Milli Elmlər Akademiyası həyata keçirir.
Qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı ərazisində xarici və daxili infrastrukturun yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görməlidir.
Sərəncama əsasən, Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili və idarə olunması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
azertag.az