Yasamal rayon Heydər Əliyev Mərkəzində 16 Noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Beynəlxalq Tolerantlıq Gününün 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edildiyini bildirib. Qurumun nizamnaməsində qeyd olunduğu kimi, məqsəd dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək, mehriban qonşular kimi yaşamağa çağırmaqdır.
İ.Mehdiyev deyib ki, Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşduğu məkana çevirib. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlərin, xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir.
İcra hakimiyyətinin başçısı bildirib ki, ölkəmizdəki tolerant mühitin hazırkı səviyyəyə gəlib çatması Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü uğurlu siyasətin nəticəsidir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımız bərabər hüquqlara malikdir və öz inancına görə azaddır. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Elşad Həsənov, Aytən Mustafayeva multikulturalizmin Azərbaycanda həyat tərzi və dövlət siyasəti olduğunu vurğulayıblar. Bildirilib ki, hər il Azərbaycanda müxtəlif ölkə və mədəniyyət təmsilçilərinin diskussiya platformasına çevrilmiş Beynəlxalq Humanitar Forum keçirilir. Forum, bir tərəfdən alim, siyasətçi və vətəndaş cəmiyyəti nümayəndələrinin ünsiyyətinə, digər tərəfdən isə alimlərin elmi araşdırmalar, ideyalar mübadiləsi aparmasına imkan yaradır.
Bakı Biznes Universitetinin rektoru İbad Abbasov çıxışında qeyd edib ki, dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan Prezidenti bütün dünyaya nümayiş etdirir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.
Tədbirin sonunda 16 Noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş film nümayiş olunub.
azertag.az