Noyabrın 10-da “YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış azərbaycanlı rəssam Faiq Əhmədin “Nə var, odur” və məşhur kolumbiyalı rəssam Oskar Murillonun “DIS PLACE” adlı fərdi sərgilərinin açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərgilərin açılışında iştirak ediblər.
“YARAT” Müasir İncəsənət Mərkəzinin rəhbəri Aida Mahmudova hər iki sərginin əhəmiyyətindən danışıb və rəssamları təbrik edib.
Daha sonra “YARAT” Müasir İncəsənət Mərkəzinin əlaqələndiricisi Suad Qarayeva-Maliki sərgidə nümayiş olunan əsərlərin məziyyətlərindən danışıb, mövzuların aktual olduğunu diqqətə çatdırıb.
Əvvəlcə qonaqlar Faiq Əhmədin sərgisi ilə tanış olublar.
Sərgidə ənənəvi Azərbaycan cəmiyyətində gender münasibətlərini və sosial strukturları təsvir edən 6 yeni monumental sənət əsəri nümayiş etdirilir. Sərginin adı təmkinlik hissini, keçmişdə uzun illər hər şeyin “necə var, elə” qəbul edilməsinə yanaşmanı vurğulayan qədim Azərbaycan kəlamından götürülüb.
Rəssamın ayrı-ayrı regionlara səfərləri zamanı apardığı müşahidələr nəticəsində yaranan bu əsərlərdə ənənəvi Azərbaycan cəmiyyətinə xas olan rəmzi jestlər, ayinlər və inanc obyektlərinin ab-havası duyulur. Onun əsərləri unudulan mədəniyyət normalarının dərk edilməsi istiqamətində qətiyyətli çağırışdır. Həmin əsərlərdə Şərq ilə Qərbin qovuşuğunda mövcud olmuş adət-ənənələr “Şərq təcrübələri” kimi təsvir olunur.
Rəssam F.Əhməd, həmçinin Azərbaycanın ənənəvi xalçaçılıq sənətindən qaynaqlanan və köklü transformasiyalarla əlamətdar olan toxuma əsərlərinin müəllifi kimi tanınır. O, Azərbaycanın bölgələrində yaşayan insanların sosial mühiti ilə bağlı yeni silsilə əsərlər yaratmağa başlayıb. Rəssam 2007-ci ildə Azərbaycanı Venesiya Biennalesində ilk milli pavilyonda təmsil edib və 2013-cü ildə “Love Me, Love Me Not” (Sevir, sevmir) sərgisində iştirak edib. Həmin il Londonun tanınmış Viktoriya və Albert Muzeyinin “Jameel Prize 3” mükafatına layiq görülən fırça ustasının əsərləri dünyanın bir çox şəhərlərində, o cümlədən Nyu-York, Paris, London, Berlin, Dubay və Moskvada keçirilən bir sıra qrup və fərdi sərgilərdə nümayiş olunub.
İkinci sərgidə isə kolumbiyalı rəssam Oskar Murillonun parça, rəsm, heykəl və video əsərləri nümayiş etdirilir. Bu əsərlərin əksəriyyəti rəssamın Azərbaycanda ayrı-ayrı şəxslər və icmalar ilə təsadüfi görüşləri nəticəsində yaranıb. Rəssamın Azərbaycanın qədim şəhərlərindən, tarixi İpək Yolunun üzərində ən vacib məntəqələrdən biri olan Şəkidə ipək kombinatının peşəkar işçiləri ilə ünsiyyətindən yaranan əsərləri sərgiyə gələnlərin böyük marağına səbəb olur.
Oskar Murillo regionda hələ də istifadə olunan və Şəki xanlarının sarayını daha da cazibədar edən naxışlı şüşə şəbəkə texnikası üzərində genişmiqyaslı əsərlər silsiləsini yaratmaq üçün yerli peşəkar sənətkarlar ilə də yaxından əməkdaşlıq edib. Rəssam zərif şüşə materialını kombinatın həyətindən tapdığı metal tullantılarının qırıntıları ilə əvəz etməklə orijinal estetika ilə “oynayır” və poetik Şərq dizaynına “siyasi ölçülər” də əlavə edir.
Rəssam öz xalqının və digər xalqların mədəni irsinə müraciət etməklə müntəzəm olaraq cəmiyyət və miqrasiya problemlərini araşdırır. Şəki ipək kombinatının işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşlərdən aldığı təəssüratlar rəssama maraqlı əsərlərindən birində kombinatın istehsal məkanı kimi təsvir olunmasına imkan yaradıb.
Hər iki sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sərgilər 2017-ci il yanvarın 29-dək davam edəcək.
azertag.az