“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda müsabiqənin sonuncu mərhələsi keçiriləcək
11.11.2016

Noyabrın 16-dan 18-dək Bakı Biznes Mərkəzində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin respublika müsabiqəsinin sonuncu mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən bildiriblər ki, müsabiqənin səkkiz zona mərhələsinə səkkiz nominasiya üzrə qatılan 1500 məktəblidən 200-ü yekun mərhələdə iştirak hüququ qazanıb.

İştirakçıların il ərzində apardıqları müşahidələr haqqında məlumatlar, becərilən kənd təsərrüfatı bitkiləri və fotoşəkillər Bakı Ekspo Mərkəzində keçiriləcək “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” yeddinci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində nümayiş olunacaq.

Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsabiqənin keçirilməsinin əsas məqsədi aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakının təmini, şagirdlərin ekoloji təmiz bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı məhsullarının öyrənilməsi və mühafizəsi ilə bağlı maarifləndirilməsidir.

Müsabiqə Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə keçirilir.

azertag.az