Bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Əl Oyunları İdman Sarayında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan II Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının açılış mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev açıb. Baş nazirin müavini deyib ki, yarmarkada sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü durumu ilə tanış olmaq mümkündür. Xalq yazıçısı çıxışında son illər milli və dünya ədəbiyyatı nümunələrinin latın qrafikası ilə nəşr olunmasının da əhəmiyyətini vurğulayıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev üç gün davam edəcək sərgi-yarmarka çərçivəsində kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar və müzakirələr keçiriləcəyini bildirib. Onun sözlərinə görə, 25 ölkəni əhatə edən tədbirdə 121 Azərbaycan, 135 beynəlxalq nəşriyyatın kitabları təqdim olunur.
Sərgi sentyabrın 30-da başa çatacaq. Həmin gün Təşkilat Komitəsi tərəfindən ən yaxşı nəşriyyat və ən yaxşı kitab mükafatlandırılacaq.