“Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda respublika konfransı keçirilib
11.11.2016

Bu gün Bakıda “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda gənclərin respublika konfransı keçirilib.

Konfransda çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib ki, ölkəmizdə 25 il ərzində digər sahələrdə olduğu kimi, gənclər sektorunda da böyük inkişafa nail olunub. Bu inkişaf Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan gəncliyi dünyanın ən xoşbəxt gəncliyindən biridir. Çünki biz Ulu Öndər ilə eyni dövrdə yaşadıq və bu gün onun yaradıcı gənclər siyasətinin bəhrəsini görürük. Ölkəmizdə Gənclər və İdman Nazirliyi müharibədən sonra çətin bir zamanda yaradılıb. Onun əsas məqsədi sağlam nəslin yetişdirilməsinə dövlət dəstəyinin təmin edilməsidir.

Diqqətə çatdırılıb ki, Gənclər Fondu yarandığı gündən indiyədək yüz minlərlə gəncin qəlbinə yol tapmağı bacarıb. Fond indiyədək 7 min 98 layihəni qəbul edib və onlardan 3 min 341-i dəstəklənib. Bu, təxminən müraciətlərin yarısını təşkil edir. Fond fəaliyyət göstərdiyi dövrdə gənclərimizin etibarını qazanmağı bacarıb.

Fərhad Hacıyev vurğulayıb ki, hər il dövlətimizin başçısı tərəfindən Gənclər Fonduna vəsait ayrılır. Bu məbləğ gənclər təşkilatlarının və gənclərin layihələrinin reallaşmasına yönəlib. Onun sözlərinə görə,Gənclər Fondu elə bir qurumdur ki, fərdlərə layihələrini həyata keçirməyə köməklik göstərir. Bu, Prezident İlham Əliyevin hər bir vətəndaşın qayğısına qalmasının bariz nümunəsidir.

trend.az