Xalq Rəssamının anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılacaq
14.11.2016

Noyabrın 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xalq Rəssamı Maral Rəhmanzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılacaq.

Nazirlikdən bildirilib ki, noyabrın 19-dək davam edəcək sərgi Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunacaq. Sərgidə rəssamın ailə kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan sənət əsərləri nümayiş olunacaq.

Qeyd edək ki, M.Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakıda anadan olub. O, 1933-cü ildə Azərbaycan Rəssamlıq Məktəbini bitirərək, 1940-cı ildə Moskvada V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Milli rəssamlığımızın zəngin ənənələrini öz uzunillik yaradıcılığında əks etdirən Maral Rəhmanzadə təsviri sənətimizin inkişafı yolunda yorulmadan çalışan bənzərsiz fırça ustası kimi tanınır. Onun böyük ustalıqla yaratdığı sənət əsərləri Azərbaycan rəssamlıq məktəbinə ölkəmizin hüdudlarından kənarda da şöhrət qazandırıb. Onun 60-cı illərdə yaratdığı “Bizim Xəzərdə” adlı 16 vərəqli rəngli avtolitoqrafiyalar silsiləsi, “Naxçıvan”, “Xanalıq”, “Mənim Vətənim”, “Mənim Azərbaycanım” adlı tablolar seriyası onun Doğma Vətəninə olan sonsuz məhəbbətin təzahürüdür.

Eyni zamanda, əsərlərinin sevimli qəhrəmanı qadın olan sənətkar “Azərbaycanın qadın aşıqları və şairələri”, “Azərbaycanın qadınları”, “Mənim bacılarım” əsərləri ilə istedadlı və gözəl xanımlarımızın obrazlarını yaradaraq, onların zəngin daxili mənəvi aləmini ustalıqla açıqlaya bilib.

Maral Rəhmanzadənin çəkdiyi tablolar müasir Azərbaycan təsviri sənətinin qiymətli nümunələri kimi dünyanın bir çox tanınmış muzeylərində, rəsm qalereyalarında, sərgi salonlarında uğurla nümayiş olunaraq şəxsi kolleksiyalarının bəzəyinə çevrilməklə yanaşı, milli mədəniyyətimizin təbliğinə xidmət edib.

Rəssam 2008-ci il martın 16-da Bakıda vəfat edib.

azertag.az