Azərbaycanın mədəniyyət və turizm naziri hotel və istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq edib
29.9.2011

“Azərbaycanda fəaliyyət göstərən hotel və istirahət mərkəzləri işlərini lazımi səviyyədə qurmasalar, o zaman fəaliyyətləri dayandırılacaq”. Bu barədə jurnalistlərin suallarını cavablandıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Nazir respublikadakı hotel və istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq da edib: “Əgər Azərbaycan sakinləri və xaricdən gələn qonaqlar istirahət mərkəzlərində onlara lazım olan xidmətləri ala bilməyəcəklərsə, onların fəaliyyəti lazımsızdır. Bu xidmətlərin təşkilatçıları buna səy göstərməsələr, onda Azərbaycan qanunvericiliyinə uyğun olaraq normal şərait yaradılmayan hotel və istirahət mərkəzləri lisenziyadan məhrum olacaq”.
Qeyd edək ki, ötən gün nazir Əbülfəs Qarayev Qəbələdə “Sahil” və Lənkəranda “Xəzər RVR” istirahət mərkəzlərinin fəaliyyətlərinin dayandırılacağını və lisenziyalarının ləğv olunacağını bildirib.