İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi saytı istifadəyə verilib
15.11.2016

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi saytı istifadəyə verilib.

Agentlikdən verilən məlumata görə, saytda icbari tibbi sığorta haqqında məlumat, bu sahədə qanunvericilik bazası, icbari sığortadan kimlərin istifadə edə biləcəyi barədə informasiya, vətəndaşları maraqlandıran suallara cavab əksini tapıb.

Saytın “Ana səhifə” bölməsində istifadəçi “İcbari tibbi sığorta nədir?”, “İcbari tibbi sığortadan kimlər istifadə edə bilər?”, “Vətəndaş icbari tibbi sığorta haqqında nələri bilməlidir?”, “İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar hansı xidmətləri əldə edir?” kimi suallara cavab tapa bilər. Hər hansı sual yaranarsa, istifadəçinin qurumla əlaqə saxlaması üçün telefon nömrələri və elektron müraciət forması da yerləşdirilib.

Növbəti bölmədə icbari tibbi sığorta haqqında ümumi məlumat verilib. Bu bölmədə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsi, fəaliyyət istiqamətləri, məqsədi barədə məlumat əldə etmək mümkündür.

“Media” bölməsində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar mətbuatda yayılan xəbərlər, yazılar, müsahibələr və televiziya süjetləri yerləşdirilib.

“Vətəndaşlar üçün” nəzərdə tutulan növbəti bölmədə quruma ən çox ünvanlanan suallara cavab verilib.

“İcbari tibbi sığorta” bölməsində icbari tibbi sığortadan kimlərin faydalana biləcəyi, vətəndaşların hansı xidmətlər əldə edəcəyi və s. barədə ətraflı məlumat qeyd olunub.

Nəhayət, sonuncu “Qanunvericilik” bölməsində “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tanış olmaq imkanı yaradılıb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2016-cı il fevralın 15-dən fəaliyyət göstərir. Agentliyin məqsədi səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarla qurulmasını və əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasını təmin etməkdir. Agentlik səhiyyə sahəsinə ayrılan vəsaitlərin daha səmərəli istifadə edilməsi ilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına xidmət edir.

azertag.az