Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
15.11.2016

Respublika ərazisində avtonəqliyyat vasitələri sahiblərinə pərdələrdən istifadə üçün verilmiş icazənin müddəti noyabrın 15-də başa çatır.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “AZS 122-2004” “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70 faizdən az olmaması müəyyənləşdirilib. Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq, hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

Bununla əlaqədar sürücülərin nəzərinə çatdırılır ki, noyabrın 15-də qeyd olunan jalüzlərin icazə verilmiş istifadə müddəti başa çatır. Bu tarixdən etibarən avtomobillərin arxadakı yan şüşələrində jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqdan istifadə edilməsinə görə sürücülər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbinə əsasən, 150 manat məbləğində cərimə olunacaqlar.

azertag.az