Füzuli meydanı ətrafında və Təzəpir məscidi istiqamətində geniş yenidənqurma və abadlıq işləri aparılır
15.11.2016

Bakı şəhəri Yasamal rayonunun “Sovetski” kimi tanınan ərazinin 26 hektarında, Füzuli meydanından Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yollar genişləndirilir, inşaat və abadlıq işləri aparılır. Həmin ərazilərdə “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 6,1 kilometrə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçirilir.

ASC-nin mətbuat xidmətindən bildirilib ki, buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir. Məqsəd hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılmasdır.

Məlumata görə, yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nərimanov prospektində aparılır. Yenidənqurma işləri çərçivəsində küçələr həm genişləndirilır, həm də geniş piyada səkiləri inşa edilir.

Yenidən qurulan Balababa Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılıb. Layihəyə uyğun olaraq Balababa Məcidov küçəsində 3 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 12 metr təşkil edir. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri inşa edilir.

Hazırda yol yatağının genişləndirilməsi və tikintisi işlərinin aparıldığı Abdulla Şaiq küçəsinin uzunluğu isə 1825 metr təşkil edir. Əvvəllər küçənin eni 5-6 metr olub. Yolun hərəkət hissəsinin eni 7– 5 metr arası dəyişməklə və hər iki istiqamət üzrə piyada səkilərinin eni 2 metr olmaqla küçə 19 metrə qədər genişləndirilir. Küçənin 2-4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Bundan əlavə, Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması istiqamətində addımlar atılır. Prospektin hərəkət hissəsinin hazırkı eni 7 metr təşkil edir. Layihəyə əsasən 2–5 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7– 7,5 metrə çatdırılacaq. Bunun üçün hazırda prospektin genişləndirilməsi istiqamətində işlər görülür.

Mirzəağa Əliyev küçəsi və Füzuli küçəsinin davamının uzunluqları müvafiq olaraq 750 və 800 metr təşkil edir. Hər iki küçənin əvvəlki hərəkət hissəsinin eni 4-5 metr təşkil edirdi. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol yatağı genişləndirilərək 19 metrə çatdırılır. Buraya 15 metr enində hərəkət hissəsi və hər bir tərəfdə olmaq şərti ilə 2 metr enində piyada səkiləri daxildir. Küçələrin hər biri 4 hərəkət zolaqlı olacaq.

Sözügedən küçələrdə işıqlandırma sistemləri və mühəndis-kommunikasiya xətləri dəyişdirilərək müasir tələblər səviyyəsində qurulur.

Bundan başqa, 14 ünvanda ictimai nəqliyyat üçün “cib”liyin tikilməsi və müasir avtobus dayanacaqlarının qurulması, yol nişanlarının və məlumatverici lövhələrin quraşdırılması, habelə yolcizgi, yolgöstərici xətlərinin çəkilməsi işləri də nəzərdə tutulur.

azertag.az