Xəbər verildiyi kimi, noyabrın 14-də Dünya Diabet Günü qeyd olunur.
Noyabrın 14-də Azərbaycan Diabet Cəmiyyəti tərəfindən bu əhəmiyyətli günə həsr olunmuş tədbir keçirilib.
Cəmiyyətin sədri Mömünat Ömərova bildirib ki, Azərbaycanda şəkərli diabetlə mübarizə istiqamətində mühüm addımlar atılıb və məsələ milli qanunvericilikdə də öz əksini tapıb. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi buna bariz nümunədir.
Qeyd edilib ki, Azərbaycanda 212 min 577 nəfər diabet xəstəsi rəsmi olaraq qeydiyyatdadır. Onlardan 28 min 924-ü I tip şəkərli diabet xəstəsi, 183 min 653-ü II tip şəkərli diabet xəstəsidir. Bu il üçün dövlət büdcəsindən şəkərli diabetlə bağlı dövlət proqramına 40,1 milyon manat vəsait ayrılıb.
Bildirilib ki, bu il qeyd olunan Dünya Diabet Günü “Diabeti gözdən qoymayaq” şüarı altında keçirilir.
Beynəlxalq Diabet Federasiyasının üzvü, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədri, professor Valeh Mirzəzadə “Dünya Diabet Günü” adlı geniş məruzə ilə çıxış edib. Alim bildirib ki, hələ 10 il əvvəl insanlar arasında şəkərli diabet xəstəliyinə nadir hallarda təsadüf edilirdisə, hazırda bu xəstəliyi haqlı olaraq əsrin epidemiyası adlandırırlar. Çünki dünyada bu xəstəlikdən əziyyət çəkən insanların sayı ilbəil çoxalır. Şəkərli diabet hər il dünyada minlərlə insanın ölümünə səbəb olan qeyri-yoluxucu xəstəliklərdən biridir.
Avropa Kardiologiya Cəmiyyətinin üzvü, professor İ.Ələkbərov “2016-cı il Avropa tövsiyələrinə əsasən şəkərli diabetli pasiyentlərdə ürək-damar xəstəliklərinin profilaktikası” mövzusunda məruzə ilə çıxış edərək ölkəmizdə diabet xəstələrinin sayının son illər artdığını qeyd edib.
Tədbirdə Səhiyyə Nazirliyinin nümayəndələri çıxış edərək ölkəmizdə şəkərli diabetlə mübarizə istiqamətində görülmüş işlərdən danışıblar.
azertag.az