Bilgəh-Novxanı-Sumqayıt yolunun tikintisinə start verilib.
“Azəryolservis” ASC-nin saytına istinadən verilən xəbərə görə, layihələndirilən avtomobil yolu Bakı şəhərinin şimal hissəsindən, o cümlədən Bilgəh, Nardaran, Kürdəxanı, Fatmayi, Novxanı istiqamətində davam etməklə, Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı km ilə kəsişərək Bakı-Şamaxı-Yevlax avtomobil yoluna birləşəcək.
Məlumata görə, mərhələli şəkildə davam etdirilən tikinti işləri Bilgəh qəsəbəsindən Kürdəxanıya qədər olan 14 km-lik hissədə həyata keçirilir.
“Azəryolservis”dən bildirilib ki, layihə üzrə nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün iki yol ötürücüsü və 3 piyada keçidinin inşası nəzərdə tutulub.
“Artıq 14 km-lik hissədə tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələri köçürülüb, bir yol ötürücüsü, bir piyada keçidi və yolun 5 km-lik hissəsində işlər tamamlanıb. Qeyd olunan hissənin 2012-ci ildə başa çatdırılması planlaşdırılır. Hazırda yolun 14-42-ci km-lik hissəsinin layihələndirilməsi və paralel olaraq tikinti işlərinə start verilib” – deyə, ASC-dən məlumat verilib.
Qeyd edək ki, bu yolun tikilməsi ilə Bilgəh, Nardaran, Kürdəxanı, Fatmayi, Novxanı istiqamətində çimərliklərə getmək daha da asanlaşacaq.
Gün.Az