Noyabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Artisti Yaşar Nurinin anadan olmasının 65 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən gecədə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətkarın sənət dostları və yaxınları iştirak edib.
Əvvəlcə qonaqlar Y.Nurinin sənət yolunu əks etdirən fotosərgi ilə tanış olublar. Daha sonra sənətkarın həyat və yaradıcılığının əks olunduğu videoçarx nümayiş olunub.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək unudulmaz sənətkarın həyat və yaradıcılığı ilə yanaşı, sənət fəaliyyətindən söz açıb. Onun Azərbaycanın mədəni həyatındakı müstəsna xidmətlərindən danışan nazir müavini bildirib ki, biri-birindən maraqlı obrazlar yaradan aktyorun teatr və kino sənətinin inkişafında, formalaşmasında əvəzsiz xidmətləri olub.
Vurğulanıb ki, Yaşar Nuri teatr aktyoru kimi tanınmaqla yanaşı, həm də məşhur kino ustası kimi sevilib. Ona böyük populyarlıq qazandıran ekran əsərləri, 50-dək bədii filmdə yaratdığı obrazları sənətkara geniş tamaşaçı auditoriyası qazandırıb.
Yaşar Nurinin Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox televiziya tamaşasında yaratdığı obrazlara toxunan Ə.Vəliyev qeyd edib ki, o, bir-birindən maraq doğuran bədii kompozisiyalar və satirik səhnəciklərdə iştirak edərək tamaşaçılar tərəfindən hər zaman sevilib, alqışlanıb. Belə ki, onlardan “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Kökdən düşmüş piano”, “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, “Göz həkimi”, “Ac həriflər” və başqa televiziya tamaşalarını misal göstərmək olar.
Y.Nurinin insani keyfiyyətlərindən söz açan Ə.Vəliyev sənətkarın hər zaman xalqın yaddaşında sevilərək əbədi yaşayacağını deyib.
Tədbirdə Akademik Milli Dram Teatrının direktoru, Xalq Artisti Azərpaşa Nemət Y.Nurinin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışaraq onun yaratdığı obrazlar qalereyasına nəzər salıb. Qeyd olunub ki, Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və estrada, o cümlədən aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik və karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilməklə yanaşı, böyük tamaşaçı qəlbinə yol tapa bilib. Sənətkarın işıqlı xatirəsi Azərbaycan tamaşaçısının yaddaşında daim yaşayacaq və mədəniyyətimiz var olduqca, Yaşar Nuri də hər zaman xatırlanacaq.
Çıxışlarda vurğulanıb ki, müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Yaşar Nuri zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verib. Aktyor təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələrini bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirib. Sənətkarın çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla canlandıraraq xarakter səviyyəsinə qaldırdığı obrazlar yüksək komizmi, incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnib. Elə buna görə də onun yaradıcılığı və sənət fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib.
Tədbirdə sənətkarın vaxtı ilə iştirak etdiyi səhnə əsərlərindən fraqmentlər təqdim olunub.
azertag.az