Kreml Sarayında Şən və Hazırcavablar Klubunun 55 illik yubileyi qeyd edilib
16.11.2016

Moskvada, Kreml Sarayının əsas səhnəsində müxtəlif illərin Şən və Hazırcavablar Klubu (ŞHK) ulduzlarının iştirakı ilə möhtəşəm “ŞHK-55” yubileyi keçirilib. Böyük vüsətlə qeyd olunan bu, həqiqətən tarixi hadisədən hələ uzun müddət danışılacaq.

Bu böyük gülüş və yumor bayramında Azərbaycan ölkəmizin ən gənc adlı-sanlı komandası – “Bakı yığması” və əfsanəvi “Bakılı oğlanlar”ın nümayəndələri Murad Dadaşov, Vado Karovin və İlqar Nəbiyevlə təmsil olunub.

ŞHK-çılarımız Moskva merinin Kuboku çərçivəsində Çeçenistan, Qazaxıstan, Belarus, Asiya MIX komandalarının da təmsil olunduğu “Paytaxt qonaqlarının yığması”nın heyətində çıxış ediblər.

Parlaq çıxışı ilə “Paytaxt qonaqlarının yığması”nın nömrəsinə harmonik ab-hava bəxş edən “Bakı yığması” xarizması, coşqunluğu, ağıllı zarafatları və əlbəttə, mahnı və rəqsləri ilə tamaşaçıları sevindirib. Məlum olduğu kimi, musiqi müşayiəti komandamızın ən güclü məziyyətidir.

Gecə çərçivəsində Klubun 55 illiyinə həsr olunmuş “ŞHK Planeti Kuboku” da keçirilib. Kubok uğrunda ötən illərin adlı-sanlı komandaları mübarizə aparıblar.

Yubiley şənliyi Rusiya Prezidenti Vladimir Putinin gecəyə qatılması ilə yadda qalıb. RF Prezidenti çıxış edərək, Şən və Hazırcavablar Klubunu yubiley münasibətilə təbrik edib.

Azərbaycan Şən və Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizov AZƏRTAC-a müsahibəsində tədbirin yekunlarını şərh edərək deyib: “ŞHK-55” yubileyi ŞHK tarixində ən parlaq hadisələrdən biridir və təsadüfi deyildir ki, Kreml Sarayında keçirilib. Biz şadıq ki, Azərbaycanı iki komanda ilə birdən – oyun formasını itirmədiklərini təsdiq edən əfsanəvi “Bakılı oğlanlar” və müasir Azərbaycan ŞHK-nın aparıcı qüvvəsi olan “Bakı yığması” ilə yüksək səviyyədə təmsil edə bildik. Konsert proqramının ikinci hissəsini öz layiqli çıxışı ilə açan uşaqlar Klubun öz dəst-xətti olan ən musiqili komandalarından biri statusunu təsdiq etdilər.

Bu qədər adlı-sanlı komanda ilə bir səhnəni paylaşmaq “Bakı yığması” üçün müvəffəqiyyətin təsdiqidir, amma ambisiyalarımız daha böyük uğurlara köklənib.

Gələn il biz Ali Liqaya daxil olmaq, ən azı “Qolosyaşiy KiVin-16”nın uğurunu təkrar etmək istəyirik. Bütün bunlar hamının öz diqqətini qarşıya qoyulan vəzifə üzərində cəmləşdirməsini tələb edir”.

R.Əzizov xatırladıb ki, dekabrın 18-də Heydər Əliyev Sarayında ŞHK-nın Azərbaycan liqasının finalı olacaq. Gözlənildiyinə görə, həmin tədbirdə Aleksandr Maslyakov, tanınmış komandalar və media nümayəndələri iştirak edəcəklər.

Azərbaycan Şən və Hazırcavablar Klubu Kremldə yubiley konsertində komandamızın iştirakına göstərdiyi köməyə və dəstəyə görə gənclər və idman naziri Azad Rəhimova və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevaya təşəkkür edir.

azertag.az