Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filminin Avropa premyerası Almaniyanın 65-ci “Mannheim-Heidelberg” Beynəlxalq Film Festivalının müsabiqə proqramı çərçivəsində baş tutub.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, Manhaym və Haydelberq şəhərlərində təşkil olunan nümayişlərdə rejissor Mirbala Səlimli iştirak edib.
Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.
Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).
Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırıblar.
Qeyd edək ki, filmin beynəlxalq premyerası Qazaxıstanın 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında baş tutub. Film, həmçinin Misirin Qahirə Beynəlxalq Film Festivalına dəvət alıb. Azərbaycan Bakıda keçirilən VII Avropa Film Festivalında “Qırmızı bağ” ilə təmsil olunub.
azertag.az