Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi tanınır
16.11.2016

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik (DİA) Akademiyasında Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Tolerantlığın Azərbaycan modeli” mövzusunda “dəyirmi masa” keçirilib.

DİA-dan bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, akademik Urxan Ələkbərov Beynəlxalq Tolerantlıq Gününün 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edildiyini xatırladıb, Azərbaycanın bütün dünyada tolerantlıq örnəyi kimi tanındığını vurğulayıb. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Ölkəmizdə məskunlaşan bütün xalqların və müxtəlif dinlərin nümayəndələri birgəyaşayış nümayiş etdirirlər. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Prezident İlham Əliyev bütün dünyaya tolerantlığın Azərbaycan xalqının yaşam tərzi olduğunu nümayiş etdirir.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov, DİA-nın prorektoru, dosent Mehdi Abdullayev, akademiyanın tarix kafedrasının professoru Fuad Məmmədov, fəlsəfə və sosial psixologiya kafedrasının dosentləri Bayram Haqverdiyev, Şəfa Abdullayeva, Radif Mustafayev, tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova və tələbələr çıxış edərək Prezident İlham Əliyev tərəfindən cari ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu xatırladıblar. Diqqətə çatdırılıb ki, məqsəd dövlətçilik məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni müxtəlifliyin qorunmasını təmin etmək, ölkəmizin dünyada multikulturalizm mərkəzi kimi daha çox tanınmasına töhfə verməkdir. Azərbaycanın müasir dövrdə dünyanın multikulturalizm mərkəzinə çevrildiyini deyən natiqlər respublikamızın bu sahədə bir çox ölkələr üçün nümunəvi bir model olduğunu, dünyanın onlarla ölkəsinin ali təhsil müəssisələrində multikulturalizmin Azərbaycan modeli fənn kimi tədris planlarına daxil edildiyini bildiriblər.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

azertag.az