Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev-muzeyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən “Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” adlı layihə başa çatıb.
Hüseyn Cavidin ev-muzeyindən bildiriblər ki, layihə çərçivəsində son tədbir Bakı şəhərinin Səbail rayonundakı Avropa-Azərbaycan Məktəbində təşkil olunub.
Tədbirdə məktəbin müəllimi Hüseyn Şahbəndəyev, ev-muzeyinin elmi katibi Natiq Mürsəlov, layihə rəhbəri Fəridə Əliyeva böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığından, əsərlərinin əhəmiyyətindən danışıblar.
Eyni zamanda, layihə çərçivəsində nəşr etdirilmiş “Cavid hikməti: seçmə aforizmlər (Azərbaycan və ingilis dillərində)” kitabı haqqında məlumat verilib və məktəblilərə kitablar hədiyyə olunub.
Qeyd edək ki, kitabın tərtibçisi və “Ön söz”ün müəllifi Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.
azertag.az