Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun xalçaşünaslıq sektorunda ölkəmizdə boyaqçılıq tarixinin öyrənilməsinə başlanılıb.
İnstitutdan bildiriblər ki, tədqiqatlar sektorun müdiri, professor Vidadi Muradovun rəhbərliyi ilə aparılır. Həm praktiki çöl materialları, həm də bu sahə üzrə milli və dünya elmi ədəbiyyatları əsasında aparılan araşdırmalarda sektorun əməkdaşları və AMEA-nın müvafiq sahə institutunun mütəxəssisləri iştirak edirlər.
Professor Vidadi Muradov tədqiqatlar haqqında məlumat verərək deyib ki, bütün xalq tətbiqi sənət sahələrində, incəsənətin əksər sahələrində, həmçinin qida sənayesində istifadə olunsa da, boyaqçılıq daha çox xalçaçılıqla bağlı olub. Azərbaycanın xalçaçılıq və boyaqçılıq tarixini bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir. Bu sahənin Azərbaycanda inkişaf perspektivləri hələ çar Rusiyasının da diqqətindən kənarda qalmamışdı. XIX əsrin ortalarında burada istehsal olunan təbii boyaq maddələri daxili ehtiyacları ödəməklə yanaşı, həm də xaricə ixrac olunub. Azərbaycanda təbii boyaqçılıq XX əsrin sonlarınadək xüsusilə, meşə örtüyü zəngin, bağçılıq təsərrüfatlarının geniş olduğu ərazilərdə təbii ehtiyatlar zəminində öz mövqeyini qoruyub saxlaya bilib. Bu, birbaşa həmin bölgələrdə əl ilə xalça toxuma ənənələri ilə bağlı olub. Çünki təbii boyaq və əl əməyi xalq xalçasının orijinallığını şərtləndirən əsas amillərdir. Məqsədimiz tarixi boyaqçılıq ənənələri ilə yanaşı, respublikamızda xalq boyaqçılığının inkişaf perspektivlərini araşdırmaq və praktiki nəticələr əldə etməkdir.
azertag.az