Gəncədə “Məşğulluq probleminin həllində BİR ADDIM” proqramı icra ediləcək
16.11.2016

“Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində “Məşğulluq probleminin həllində BİR ADDIM” proqramı icra olunacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşacaq layihənin məqsədi gənclərin məşğulluq probleminin həllinə töhfə vermək, onların asudə vaxtlarını səmərəli təşkil etməklə potensial kadr kimi formalaşmasına dəstək olmaqdır.

Layihə “Gəncə - Avropa Gənclər Paytaxtı 2016” və “Odlar Yurdu” Gənclər İctimai birliklərinin tərəfdaşlığı ilə noyabrın 25-27-də keçiriləcək. Layihə rəhbəri Validə Əhmədova bildirib ki, proqram çərçivəsində iştirakçı gənclər düzgün iş axtarmağın yollarını, CV və rezümelərin hazırlanma qaydalarını, müsahibədə iştirak etmək və digər vacib bilikləri öyrənəcəklər.

Bundan başqa, Gəncə şəhərində mövcud vakansiya siyahısı Məşğulluq Mərkəzindən əldə olunacaq və layihə iştirakçısı olan iş axtaran gənclərə təqdim ediləcək. Gənclər özlərinə uyğun vakansiyalarla tanış olmaq və müraciət etmək imkanı qazanacaqlar.

azertag.az