Noyabrın 15-də Azərbaycan Basketbol Federasiyası cari ilin yekunlarına dair mətbuat konfransı təşkil edib.
Tədbirdə basketbol üzrə yığma komandanın baş məşqçisi Samit Nuruzadə ölkəmizdə idmanın bu növünün inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, ölkəmizdə basketbolun inkişafı üçün beşillik proqram hazırlanıb. Beş ildən sonra yaxşı nəticə əldə etmək və güclü basketbolçular yetişdirmək üçün səylə çalışmalıyıq. Bunun üçün ilk növbədə, məktəblərdə basketbolu daha da inkişaf etdirməliyik. Hazırda bu iş görülür, amma daha da təkmilləşdirilməlidir. Bundan başqa, U-14, U-16 və U-18 komandaları üçün istedadlı uşaqları toplayıb, onlarla daha çox çalışmalıyıq. Eləcə də komandalar, yarışlar və oyunların sayı əvvəlki illərlə müqayisədə artırılmalıdır. Əsas məqsədlərdən biri də gələn il Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında iştirak etməkdir. Gənc komandamızın Avropa çempionatında oynaması da qarşıda duran hədəflər arasındadır.
Yığmanın nəticələrindən və görülən işlərdən söz açan çalışdırıcı məlumat verib ki, 2015-2016-cı il mövsümündə U-16 yaş qrupunda doqquz, U-14 yaş qrupunda isə 13 komandanın iştirakı ilə yarışlar keçirilib. Hazırda seleksiya ilə işlərinin aparıldığını qeyd edən məşqçi deyib: “Rumıniyanın “Styaua” klubunda 16 yaşlı azərbaycanlı basketbolçu var. İki idmançımız Gürcüstan çempionatında çıxış edir. U-16 və U-18 komandaları ilə Avropa çempionatında çıxış etdik. Bundan əvvəl U-16 komandamız Xəzəryanı ölkələrin liqasına çağırılmışdı. İki tur artıq başa çatıb, qarşıda iki tur qalıb. Biri Türkmənistanda, biri isə Azərbaycanda təşkil ediləcək. Basketbolçularımızın yarışlarda iştirakına imkan yaratdığına görə Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinə və habelə Milli Olimpiya Komitəsinə təşəkkür edirəm. Bu il U-16 və U-18 komandalarımız Avropa çempionatının “C” qrupunda çıxış ediblər. U-16 birinci, U-18 isə ikinci olub”.
Bölgələrdə basketbolun inkişafına da xüsusi diqqət yetirildiyini vurğulayan S.Nuruzadə qeyd edib ki, ölkə çempionatında region komandalarından yalnız “Araz Naxçıvan” iştirak edir. Regionlarda uşaqlar üçün də yarışlar keçirilir. Baş məşqçi son illərdə ölkəmizdə basketbolun daha da kütləviləşdiyini diqqətə çatdırıb.
Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılıb.
azertag.az