“Maraqlı fiqur və ya siçan qadın” adlı yeni tamaşa təqdim edilib
17.11.2016

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında F.Kafkanın “Çevrilmə” povesti və Pərviz Seyidlinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Maraqlı fiqur və ya siçan qadın” adlı yeni tamaşa təqdim edilib.

Yeni yaradılan müstəqil “M.Teatr”a (“Mənim teatrım”) məxsus səhnə əsəri Əməkdar Artist, teatrın bədii rəhbəri Vidadi Həsənovun quruluşunda təqdim olunub. Tamaşada rəqslərin quruluşu Lalə Hacıyevaya məxsusdur.

Tamaşada baş rolu aktrisa Zümrüd Qasımova və Əməkdar Artist Vidadi Həsənov ifa edib.

Səhnə əsərinin baş qəhrəmanı əyalətdən şəhərə gələn sadəlövh bir qızdır. Böyük şəhərə həyatını qurmağa gələn gənc qızın bütün hissləri, arzuları, böyük və parlaq xəyalları puç olur. Elə şəhərə ilk addımını atdığı andan onu izləyən gənc fotoqraf qızın bütün həyat yolunu dəyişməyi bacarır. Birlikdə oxuyan gənclərin hissləri onlara mənəvi sarsıntıdan başqa heç nə vermir. Belə ki, getdikcə oğlana aşiq olan gənc qız əslində bir yaradıcı insanın fiquru, özünün təbirincə desək “təcrübə siçanına” çevrildiyini dərk edir. Zamanla bu ağrılar intiqam hissinə çevrilərək qadının boş qəlbində özünə böyük yer tutur və sonda onu özünün də istəmədiyi adama çevirir.

Tamaşada aktyor Zümrüd Qasımova arzuları puç, xəyalları darmadağın olan bədbəxt qadının taleyini tamaşaçıya bütün çılpaqlığı ilə çatdıra bilib. Tamaşa ərzində daxili səsi ilə danışan, illərlə fiqur kimi baxdığı qadına səssiz əzab verən, etinasız yanaşan Vidadi Həsənovun kişi obrazı da maraqlı və baxımlıdır.

Qeyd edək ki, yeni yaradılan “M.Teatr” mütəmadi olaraq maraqlı səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gəlir. Sənət ocağı mədəniyyəti yaşatmaq və mədəni yaşamaq devizi altında fəaliyyət göstərir.

azertag.az