“Canımız Qarabağ, yazımız Qarabağ!” layihəsinin iştirakçıları Biləsuvarda
17.11.2016

Cəbrayılın Biləsuvardakı 11 nömrəli məcburi köçkün qəsəbəsində “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, yazımız Qarabağ” layihəsi çərçivəsində ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.

20 minə qədər əhalinin məskunlaşdığı ərazidə rayon icra hakimiyyəti də yerləşir.

Görüşdə Əli Kərim adına poeziya klubunun sədri, şair İbrahim İlyaslı, Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, “Türk Dünyası” İctimai Birliyinin sədri, şair Dəyanət Osmanlı, “Ədalət” qəzeti baş redaktorunun birinci müavini, şair-publisist Əbülfət Mədətoğlu və layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin müşaviri, Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-publisist Elçin Hüseynbəyli iştirak ediblər.

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov bildirib ki, qələm adamlarının bölgəyə səfəri və məcburi köçkünlərlə görüşü çox əlamətdardır və silahla qələmin birliyinə işarədir.

Elçin Hüseynbəyli layihənin məqsədi barədə danışarkən bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında həyata keçirilir və ordumuza dəstək, Qarabağ uğrunda müqəddəs savaşımıza yazarlar tərəfindən töhfə vermək məqsədi daşıyır.

Tədbirdə çıxış edənlər torpaqlarımızın tezliklə azad ediləcəyinə və insanların gözlərində görünən kədərin sevinclə əvəz olunacağına inandıqlarını bildiriblər. Rayon ziyalıları bu xoş missiyanı alqışlayıblar, şairlər vətənpərvərlik mövzusunda yazdıqları şeirləri oxuyublar.

Sonda yazarlar öz kitablarını qəsəbə kitabxanasına hədiyyə edib və xatirə şəkli çəkdiriblər.

azertag.az