Suraxanı rayonu Heydər Əliyev Mərkəzində 18 noyabr - Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi günü ilə əlaqədar Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın uşaqlar üzrə baş məruzəçisi, Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri Sevinc Fətəliyevanın təşəbbüsü, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Status online: təhlükələr və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Bakının Nəsimi, Nizami, Binəqədi və Suraxanı rayon məktəblərinin direktorları, müəllimləri və şagirdləri, məktəb psixoloqları, valideynlər, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin və QHT-lərin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova mövzunun aktual olduğunu bildirib.
Sevinc Fətəliyeva çıxış edərək deyib ki, uşaqların təhlükəsiz, sağlam mühitdə yaşaması və hərtərəfli inkişafına şərait yaradılması dövlətlərin və insanların mənəvi borcudur. Təəssüf ki, hazırkı narahat dünyada bunları təmin etmək bəzi dövlətlər üçün qeyri-mümkündür. Dünyada gedən müharibələr və münaqişələr nəticəsində hər gün günahsız uşaqlar qətlə yetirilir, valideynsiz qalır, insanlığa yaraşmayan hadisələrlə üzləşirlər. Uşaq hüquqlarının müdafiəsi hər bir dövlət üçün mürəkkəbləşir və çətinləşir. Uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi olsa da, bu hüquqların xüsusi diqqətə və müdafiəyə ehtiyacı var. Uşaqların tədricən insan hüquqları obyektindən müstəqil insan hüquqları subyektinə çevrilməsi və həm dövlətin siyasəti, həm də ailədə uşaqların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi tanınması böyük əhəmiyyət daşıyır.
S.Fətəliyeva Azərbaycanda dövlət səviyyəsində uşaq hüquqlarının qorunması istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini bildirib. O, Heydər Əliyev Fondunun uşaqlarla bağlı həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.
S.Fətəliyeva uşaqların internet təhlükəsizliyi ilə bağlı fikirlərini bildirərək bu məsələdə həm valideynlər, həm də uşaqların düzgün istiqamətləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, bu sahədə ən böyük məsuliyyət valideynlərin, eyni zamanda, internet xidməti provayderlərinin və təhsil qurumlarının üzərinə düşür.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin baş məsləhətçi Aysel Hadiyeva, Suraxanı rayonu 76 saylı orta məktəbin psixoloqu Yeganə Cabbarova və başqaları çıxış edərək bildiriblər ki, internetdən təhlükəsiz istifadə hər bir fərdin həyatında əhəmiyyətli rol oynasa da, uşaqlar üçün bu təhlükəsizliyin daha vacib olması qaçılmaz reallıqdır. Uşaqların yaşlarına uyğun məlumatları rahat şəkildə əldə edə bilmələri, lakin zərərli kontentdən uzaq qalmaları üçün provayderlər tərəfindən təklif olunan “informasiyanın filtrlənməsi” xidmətindən istifadə olunmalıdır.
Tədbirdə çıxış edən şagirdlər isə uşaq hüquqlarından, internetdən istifadə məqsədləri haqqında danışıblar. Onlar öz yaşıdlarını internetdən səmərəli istifadəyə və təhlükəli saytlardan uzaq olmağa çağırıblar.
azertag.az