Görkəmli şəxsiyyətlərin tanıdılması ölkəmizin və Azərbaycan reallıqlarının təbliği baxımından strateji layihədir
18.11.2016

Azərbaycanın görkəmli şəxsiyyətlərinin dünyada tanıdılması ölkəmizin və Azərbaycan reallıqlarının təbliğ edilməsi baxımından strateji məqsəd daşıyır.

Bu fikirləri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov deyib. Bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın tarixi şəxsiyyətlərinin, o cümlədən ədiblərinin adlarının əbədiləşdirilməsinə, həmçinin dünyada tanıdılmasına daim diqqət və qayğı göstərib. Artıq bir dövlətçilik ənənəsinə çevrilən bu proses Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlətimizin başçısının tövsiyə və tapşırıqları əsasında Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə Ankarada və İstanbulda silsilə tədbirlər keçirilir. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri və milli kitabxanaları tərəfindən təşkil olunan bu mərasimlərdə dahi şairimizin çətin və şərəfli ömür yoluna dair mühüm məlumatları çatdırır, yaradıcılıq nümunələrini təbliğ edirik. Dünya mediasında bu tədbirlərlə bağlı yüzdən artıq xəbər yayılıb. Bu mərasimlərin təşkili bir tərəfdən böyük şairimizin zəngin bədii yaradıcılığını təbliğ edirsə, digər bir tərəfdən keçmiş sovet dövründə yaşadıqlarımızı, xalqımızın düçar olduğu məhrumiyyətləri, tariximizin, mədəniyyətimizin ayrı-ayrı istiqamətlərinin dünya ictimaiyyətinə çatdırılmasına şərait yaradır.

azertag.az