Beynəlxalq Tolerantlıq Günü Nəsimi rayonunda qeyd olunub
18.11.2016

Beynəlxalq Tolerantlıq Günü münasibətilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tədbir keçirilib.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Beynəlxalq Tolerantlıq Gününün 1995-ci ildə UNESCO-nun 50 illik yubileyi münasibətilə təsis edildiyini bildirib. Qeyd edib ki, məqsəd dünyada hamının bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamasına nail olmaqdır.

A.Əsgərov diqqətə çatdırıb ki, bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif millətlərin və xalqların nümayəndələrinin mehribanlıq şəraitində yaşadığı, multikultural dəyərlərin qovuşduğu məkana çevirib. Ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi nəticəsində cəmiyyətin multikultural xarakteri siyasi və hüquqi prinsiplər səviyyəsinə yüksəldilib, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilib. Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir.

Bildirilib ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı dövlət siyasətinin dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir. Azərbaycanın hər bir vətəndaşı bərabərhüquqludur və öz inancına görə azaddır. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə sürətlə inkişaf edən ölkəmiz artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi haqqında” Sərəncamı göstərir ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim diqqət mərkəzindədir.

Natiq vurğulayıb ki, xalqımızın sahib olduğu multikultural dəyərlərin dünyaya təqdim edilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın da misilsiz xidmətləri var.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev məruzə ilə çıxış edərək bildirib ki, bu gün Azərbaycan dünyada multikulturalizmin ən mükəmməl modelini yaradıb. Artıq bu model ən inkişaf etmiş ölkələrin ali məktəblərində tədris olunur, elmi mərkəzlərdə öyrənilir, təhlil edilir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası var olduqca, ölkəmizdə multikultural dəyərlər də inkişaf edərək daha da zənginləşəcək.

Dağ Yəhudiləri icmasının rəhbəri Milix Yevdayev qeyd edib ki, multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Ölkəmizdə müxtəlif konfessiyaların nümayəndələri tərəfindən nümayiş etdirilən qarşılıqlı ehtiram, konstruktiv əməkdaşlıq, həmçinin ümumbəşəri mənəvi dəyərlərin mənimsənilməsi yolunda görülən işlər olduqca yüksək qiymətləndirilir və Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün örnək hesab etməyə imkan verir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada müxtəlif millətlərin, xalqların və dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda bütün azsaylı xalqlar yüksək qayğı ilə əhatələniblər.

Məşədi Dadaş məscidi dini icmasının rəhbəri Hacı Şahin Həsənov, Milli Məclisin deputatları Məlahət Həsənova, Asim Mollazadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxışlarında bildiriblər ki, Qərb ilə Şərq arasında körpü rolunu oynayan Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, tarix boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Məhz buna görə də multikulturalizm Azərbaycan cəmiyyətini səciyyələndirən başlıca xüsusiyyətlərdən birinə çevrilib.

Çıxışlardan sonra tədbir Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında maraqlı konsert proqramı ilə davam edib.

azertag.az