Nizami Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və YAP Nizami rayon təşkilatı partiyanın yaradılmasının 24-cü ildönümü münasibətilə birgə “Azərbaycan: qorumalı olduğumuz sərvətimiz” adlı filmin təqdimatını keçirib.
Rayon icra hakimiyyətindən bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin rayon təşkilatının qərargahındakı büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir respublikamızın xilaskarı ümummilli lider Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Daha sonra filmin təqdimatı olub.
Film YAP Gənclər Birliyinin sədri Seymur Orucovun və partiyanın Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayevanın ideya müəllifliyi ilə hazırlanıb. Filmdə dünyada baş verən siyasi-hərbi kataklizmlərin, sosial-iqtisadi böhranın, imperialistlərin “demokratiya” adı altında bir sıra ölkələrdə qurduqları siyasi oyunların fonunda Azərbaycanın sabit, dinamik inkişafından söz açılır. Bütün bunların əsasında respublika gənclərinin qarşısında duran əsas vəzifələr diqqətə çatdırılır, eyni zamanda, Azərbaycandakı siyasi-ictimai sabitliyin qorunub saxlanılmasında Yeni Azərbaycan Partiyasının xidmətləri xatırlanır.
Filmin nümayişindən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, YAP Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Qeyd edib ki, 700 minə yaxın üzvü olan partiya ötən 24 ildə çətin və şərəfli yol keçib. Müstəqilliyimizin ilk illərində tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası qısa zamanda iqtidar partiyasına çevrildi. Bu bir faktdır ki, ölkəmizdə Yeni Azərbaycan Partiyasının yaradılması mühüm ictimai-siyasi hadisə kimi tarixə düşdü.
“1992-ci ildə hakimiyyət vəziyyətdən neçə çıxmağın yollarını bilmirdi”, - deyən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, xalq çıxış yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Nəhayət, “91-lər”in müraciətindən sonra ulu öndər Heydər Əliyev partiyanın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq verdi. Beləliklə, 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ulu öndər Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün YAP qısa müddətdə təşkilatlandı və ölkənin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi.
Çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. Ən əsası isə, Yeni Azərbaycan Partiyası siyasi palitranın ən güclü və nüfuzlu ictimai-siyasi təşkilatı olmaqla bərabər, vətəndaşların yekdil seçimi kimi çıxış edir.
Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov isə diqqətə çatdırıb ki, ötən 24 il ərzində YAP böyük bir inkişaf yolu keçib. Bu gün Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Bu partiyanın ötən 24 il ərzində nəinki ölkənin, eyni zamanda, regionun ən böyük siyasi partiyasına çevrilməsinin və sosial dayaqlarının gündən-günə güclənməsinin arxasında dayanan səbəbləri araşdırarkən diqqət edilməli olan nüanslar var. Çünki siyasi partiyaların gücünü formalaşdıran və ona böyük ictimai dəstək verən başlıca detallardan biri həmin təşkilatların liderləri və onlara cəmiyyətin verdiyi dəstəklə bağlıdır.
Çıxışlardan sonra mükafatlandırma mərasimi baş tutub.
azertag.az