Bakıda “Məhəmməd Füzulinin qəzəl dünyası” adlı konsert proqramı təşkil olunub
18.11.2016

Heydər Əliyev Sarayında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərindən ibarət muğam gecəsi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, “Məhəmməd Füzulinin qəzəl dünyası” adlanan konsert proqramında Xalq artistləri Əminə Yusifqızı, Mənsum İbrahimov, Gülyaz Məmmədova, Əməkdar İncəsənət Xadimi Hacı Aqil Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova, Elnarə Abdullayeva, Sevinc Sarıyeva, Səbuhi İbayev, Almaz Orucova, Babək Niftəliyev, Bəyimxanım Mirzəyeva, Firuz Səxavət, gənc müğənnilər Abgül Mirzəliyev, Sərxan Bünyadzadə, Hüseyn Məlikov və Məmməd Nəcəfov çıxış ediblər.

Əməkdar Artist Sabir Məmmədovun aparıcılıq etdiyi tədbirin rejissoru, Heydər Əliyev Sarayının baş rejissoru Gülçöhrə Şəfiyeva olub. Bir-birindən maraqlı çıxışlar və muğam nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

azertag.az