Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 89-cu teatr mövsümündə 4-cü dəfə beynəlxalq teatr festivalında iştirak etməyə hazırlaşır.
Teatrın mətbuat xidmətindən bildirilib ki, bu dəfə kollektiv Moldovanın paytaxtı Kişineuda keçirilən kiçik həcmli tamaşaların “MOLDFEST.RAMPA.RU” VIII Beynəlxalq Teatr Festival-laboratoriyasında iştirak edəcək. Teatr festivala Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qatılacaq. Gənc Tamaşaçılar Teatrı festivalda P.Züskindin “Kontrabas” monotamaşasını təqdim edəcək. “Kontrabas” tamaşası noyabrın 24-də Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq.
Moldova, Belarus, Rusiya, İsrail, Serbiya və digər ölkə teatrlarının iştirak edəcəyi festivalın açılış mərasimi noyabrın 21-də keçiriləcək.
Festival çərçivəsində aktyor və rejissor sənətinə aid bir sıra treninqlər, ustad dərsləri və tamaşaların müzakirələrinin keçirilməsi planlaşdırılır.
azertag.az