Noyabrın 19-da Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli macar bəstəkar və pianoçusu Bela Bartokun anadan olmasının 135 illiyinə həsr olunmuş tədbir keçirilib,
Tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Macarıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə dünya şöhrətli bəstəkarın həyat və yaradıcılığından danışılıb. Onun musiqi sənətinin inkişafına verdiyi dəyərli töhfələrdən söhbət açılıb. Bildirilib ki, B.Bartok Macarıstan, Rumıniya, Slovakiya, Serbiya, Bolqarıstan, Ukrayna, Xorvatiya, Türkiyə və ərəb ölkələri folklorunun ən tanınmış araşdırıcılarındandır. Onun musiqi yaradıcılığı folklorun ən əski və dərin qatlarından qidalanan qeyri-adi melodiya və ritmlərlə seçilir.
Sonra tədbir konsert proqramı ilə davam etdirilib. Konsertdə dirijor, Xalq Artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında bəstəkarın əsərləri səsləndirilib. Həmçinin gecədə Macarıstandan təşrif buyurmuş musiqiçilər çıxış ediblər.
Paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının iştirak etdiyi konsert proqramı maraqla qarşılanıb.
azertag.az