Fransanın “Total” şirkətinin Azərbaycandakı fəaliyyətinin 20 illiyi təntənəli qeyd ediləcək
21.11.2016

Noyabrın 21-də Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın “Total” neft-qaz şirkətinin Azərbaycandakı fəaliyyətinin 20 illiyinə həsr olunan təntənəli tədbir keçiriləcək.

Muzeydən bildirilib ki, tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşezin, “Total”ın baş icraçı direktoru Patrik Puyannenin, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, Azərbaycanın energetika naziri Natiq Əliyevin, “Total”ın Azərbaycan üzrə regional icraçı direktoru Denis Lemarşalın, BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrellin, Azərbaycan və Fransanın mədəniyyət, dövlət və ictimai xadimlərinin iştirakı nəzərdə tutulur.

“Total”ın Azərbaycandakı fəaliyyətinin ildönümü ilə bağlı şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilk dəfə Azərbaycana gələcək. Şirkətin dəstəyi sayəsində baş tutan bu sərgi Azərbaycanla Fransa arasında günü-gündən intensivləşən mədəni əməkdaşlıqdan xəbər verir, eyni zamanda, iki ölkənin inkişaf etdirmək məqsədli mədəni əlaqələr çərçivəsinə daxildir.

Tədbir çərçivəsində dəvət olunan qonaqlar üçün “Total”ın sponsorluğu ilə keçiriləcək “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin ilkin, qapalı nümayişi baş tutacaq. Sərgi Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində keçirilir. “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında” sərginin kuratoru Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir.

Sərgi ictimaiyyət üçün noyabrın 26-dan 2017-ci il yanvarın 26-dək açıq olacaq. Zəngin və rəngarəng kolleksiyaya malik Azərbaycan Milli İncəsənət Muzeyi toplusunda xüsusi yer tutan fransız bədii mədəniyyətini sənətsevərlərə təqdim edir. “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında” sərgisində fransız rəssam, heykəltəraş, qravür və sənətkarlarının yüksək yaradıcılıq ənənələri, ideyaları müxtəlif texnikalarda yaratdıqları təsviri və dekorativ tətbiqi sənət əsərlərində tam, dolğun şəkildə əks olunub. Hazırda muzeyin Fransa incəsənətinə aid olan kolleksiyası 300-dən çox sənət əsərindən ibarətdir. Sərgidə kolleksiyanın bir qismi nümayiş olunur. Sərginin xronoloji çərçivəsi XVII əsrdən XX əsrin əvvəllərinə olan dövrü əhatə edir. Görkəmli rəssamlar Jül Düpre, Konstan Jan Benjamin, Danyan Paskal Buvre, Qaspar Düqenin tabloları, Jan Dallen, Pyer Dreve, Jak Kallo, Şarl Klemon, Nikolya Larjomi, Robert Qaymer kimi tanınmış ustaların qravürləri, məşhur heykəltəraşlar Klod Mişel Klodion, Jan Antuan Qudon, Etyen Moris Falkone, Mari Rozali Bonerin mərmər və tuncdan yaratdığı heykəl və kompozisiyaları yüksək bədii məzmunu, ifadəliyi, mükəmməl kompozisiya həlli ilə diqqəti cəlb edir. Sərgidə həmçinin XVIII əsrdən çini istehsalında bədii ifadə dərəcəsi və üslub mükəmməlliyi ilə xarakterizə olunan Fransanın Sevr manufakturası, Duqoti, Nast, Solxer, Föyye və digər zavodlarının nadir və qiymətli nümunələri təqdim olunur. Mebel, xüsusən də məşhur “Bul” markasına məxsus nümunələr, saatlar, müxtəlif metal məmulatlar, tikmə və qobelen kolleksiyası, həmçinin qadın geyiminin ayrılmaz hissəsi və həqiqi sənət əsəri sayılan yelpiklər toplusu kifayət qədər maraqlıdır.

Qeyd edək ki, dünyanın yeddi supermajor neft şirkətindən biri olan “Total”ın əsası 1924-cü ildə “Fransız neft şirkəti” adı altında qoyulub. 130-dan çox ölkədə fəaliyyət göstərən “Total” bu il Azərbaycanda fəaliyyətinin 20 illiyini qeyd edir.

azertag.az