Bakıda İndoneziya Mədəniyyət Festivalı keçirilib
21.11.2016

İndoneziyanın Azərbaycandakı səfirliyi tərəfindən noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Birinci İndoneziya Mədəniyyət Festivalı keçirilib.

Bu tədbir İndoneziyanın rəngarəng mədəniyyətini əks etdirir. Belə ki, festival çərçivəsində kiçik yarmarka təşkil olunub. Yarmarkada İndoneziyanın milli geyimləri, suvenirlər, əl işləri olan əşyalar, qəhvə və çayları, həmçinin kitablar və digər çap məhsulları yer alıb. Eyni zamanda, fotosərgi də təqdim edilib.

Festivalın açılış mərasimində qonaqları salamlayan İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani belə bir tədbiri keçirməkdən şad olduqlarını söyləyib. Bu ilin Azərbaycanda “Multikulturalizm ili” kimi qeyd olunduğunu vurğulayan səfir bildirib ki, bu festival İndoneziyanın zəngin mədəni irsini, müxtəlifliyini və gözəlliyini nümayiş etdirmək üçün əlverişli imkandır. Eyni zamanda, festival mədəniyyət, adət və ənənələr baxımından İndoneziya ilə Azərbaycan arasındakı sıx münasibətləri və oxşarlıqları da nümayiş etdirir.

Azərbaycanın bir çox mühüm tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıran səfir bu səbəbdən də Bakıda tədbir keçirməyin onlar üçün əhəmiyyətli olduğunu deyib.

Diplomat qeyd edib ki, İndoneziya incəsənəti və mədəniyyəti, mədəni müxtəlifliyə malik yüzlərlə etnik qrup ətrafında formalaşıb. İndoneziya 13 mindən çox adadan ibarətdir. Bildirib ki, hər bir əyalətin özünəməxsus mədəniyyət və ənənələri var.

Ölkələrimiz arasındakı münasibətlərinin uzun illər boyu formalaşdığını söyləyən səfir deyib: “Xüsusilə İndoneziyanın ənənəvi döyüş sənəti pençak-silat Azərbaycanda kifayət qədər məşhurdur. Azərbaycanda təxminən 30 pençak-silat məktəbi və 5000 şagird qeydə alınıb. Bu tədbirdə, həmçinin siz İndoneziya mədəniyyətinin necə isti qarşılandığının və Azərbaycan gəncləri tərəfindən qəbul edildiyinin şahidi olacaqsınız. Belə ki, bugünkü çıxışlar yalnız İndoneziyanın təcrübəli rəqqasları tərəfindən deyil, həm də Azərbaycan Dillər Universitetinin İndoneziya Araşdırmalar Mərkəzində təhsil alan tələbələr tərəfindən ifa ediləcək”.

Qeyd edilib ki, festivala qatılmaq üçün İndoneziyadan 150 nəfər, o cümlədən incəsənət ifaçıları, iş adamları, turizm agentlikləri, yerli hökumət və ali təhsil məktəblərinin nümayəndələri gəlib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin elan etdiyi “Multikulturalizm ili” çərçivəsində təşkil edilən İndoneziya Mədəniyyət Festivalı iki ölkə arasında münasibətlərin tarixində ilk dəfə olaraq keçirilir. Bu, əhəmiyyətli hadisə kimi qiymətləndirilməlidir.

Nazir bildirib ki, son vaxtlar Azərbaycan ilə İndoneziya arasında münasibətlər genişlənməkdədir. Festival dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya ilə ölkəmiz arasında mədəni, siyasi, iqtisadi, turizm və təhsil sahələrində əməkdaşlığı möhkəmləndirəcək.

Sonra İndoneziyanın milli rəqsləri və musiqiləri təqdim olunub.

azertag.az