Novruz bayramı və lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilə bilər
22.11.2016

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində noyabrın 28-dən dekabrın 2-dək YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin növbəti iclası keçiriləcək.

YUNESKO-nun mətbuat xidmətinə istinadən xəbər verilir ki, iclas iştirakçıları YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına populyar ənənələr və yaradıcılıq formalarının - ənənəvi nəğmələrin, mərasimlərin və bayramların daxil edilməsi üçün 37 yeni ərizəyə baxacaq.

Qarşıdakı iclasda baxılacaq müraciətlər arasında Novruz bayramının da qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi ilə bağlı ərizə olacaq. Müvafiq müraciət bir neçə ölkə - Azərbaycan, Əfqanıstan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan tərəfindən edilib.
Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan və Türkiyə eyni zamanda lavaşın hazırlanma ənənəsinin də YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınması üçün müraciət edib.

report.az