Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə “Azərbaycanın ədəbi irsinin virtual bazası” layihəsini həyata keçirir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidmətinə istinadən verilən xəbərə görə, bununla əlaqədar Azərbaycan muzey və kitabxanalarında saxlanılan müvafiq kitabların elektron versiyalarının hazırlanması və onların internet səhifəsində yerləşdirilməsi üçün təklif olunan kitabların siyahısı hazırlanaraq Xarici İşlər Nazirliyinə təqdim edilib.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası məqsədi ilə yaradılmış veb-saytların və “Elektron kataloq”ların monitorinqi aparılıb, monitorinq nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə müvafiq tapşırıqlar verilib.
“Kitabxanaçıların təhsili, o cümlədən bilik və bacarıqlarının inkişafına nazirlik tərəfindən xüsusi önəm verilib. Bununla əlaqədar, Rusiya Federasiyasının Mədəniyyət, İncəsənət və Turizm İşçilərinin Yenidən Hazırlanması Akademiyası tərəfindən 10 Azərbaycan mütəxəssisi üçün “Kitabxanaların fəaliyyətində İnternet texnologiyalarının tətbiqi” proqramı üzrə distant təhsil kursu təşkil olunub və kitabxanaçılar sözügedən kurslarda iştirak ediblər. Azərbaycan kitabxanaları üçün zəruri olan hazır biblioqrafik təsvirlərin Rusiya Milli Kitabxana İnformasiya Mərkəzindən (LİBNET) alınması sözügedən təşkilatla razılaşdırılıb”.
Bundan əlavə, ötən dövrdə Azərbaycan Milli Kitabxana İnformasiya Mərkəzi (AZLİBNET) yaradılıb. Artıq AZLİBNET-in veb-saytı hazırlanıb, toplu kataloqun yaradılmasında bir sıra işlər görülüb.
“Hesabat dövründə, Rusiya Dövlət Kitabxanası, habelə Rusiya Xarici Ədəbiyyat Kitabxanasının rəhbərliyi və tanınmış kitabxana mütəxəssisləri Azərbaycanda səfərdə olub, respublikanın aparıcı kitabxanalarında görüşlər keçirib və Azərbaycan kitabxanaçıları ilə fikir mübadiləsi aparıblar. Həmçinin, Türkiyənin Alaniya kitabxanasına Azərbaycan, onun mədəniyyəti, tarixi, turizmi, adət və ənənələri, dövlətçiliyi barədə müxtəlif kitablar və elektron nəşrlər göndərilib.
Gün.Az