Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 24-cü ildönümü münasibətilə Suraxanı rayonunda “Uğurlu yol - 24” bilik yarışının final mərhələsi keçirilib.
Yarış Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, partiyanın Suraxanı rayon təşkilatının və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Yarışın finalında YAP-ın Sumqayıt şəhər, Xətai və Nərimanov rayon təşkilatlarını təmsil edən komandalar birincilik mübarizə aparıb.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tədbirdə çıxış edərək iştirakçıları bayram münasibətilə təbrik edib. Partiyanın keçdiyi yoldan danışan V.Seyidov Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin mühüm uğurlar qazandığını bildirib.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin uğurlarından bəhs edib, dövlətimizin başçısının gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb.
Sonra yarış keçirilib, qaliblər kubok və hədiyyələrlə mükafatlandırılıblar.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının gənc üzvlərinin bir qrupu fəxri fərmanla təltif edilib. Yarışda iştirak etmiş digər komandaların üzvlərinə sertifikatlar təqdim olunub.
Tədbir musiqili proqramla davam etdirilib.
azertag.az