İmtahan stressi və onun aradan qaldırılması barədə müzakirələr aparılıb
22.11.2016

Noyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “İmtahan stressi və onun aradan qaldırılması yolları” mövzusunda seminar keçirilib.

ADNSU-dan bildiriblər ki, seminarda bu ali məktəbin tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev mövzunun əhəmiyyətindən danışıb.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov tələbələrə imtahan həyəcanının yaranma səbəbləri, həyəcanın yaratdığı fəsadlar və bu fəsadları aradan qaldırmaq yolları barədə geniş məlumat verib.

Sosial adaptasiya problemlərinə toxunan psixoloq bu cür amillərin də həyəcanın aradan qaldırılmasında böyük rol oynadığını söyləyib.

Seminarda özünüinkişaf, şəxsiyyətin formalaşması kimi mövzular da müzakirə olunub.

Sonda tələbələrin sualları cavablandırılıb.

azertag.az