UNEC-in aliminin məqaləsi beynəlxalq jurnalda dərc olunub
22.11.2016

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramovun “Azərbaycan ali təhsilində elit qruplar” sərlövhəli məqaləsi İsveçrədə nəşr edilən “Diva International” jurnalının rəsmi saytında dərc olunub.

UNEC-dən bildirilib ki, məqalə Azərbaycan ali təhsil sistemində həyata keçirilən islahatların tərkib hissəsi olan “SABAH” qrupları layihəsinin təhlilinə həsr edilib. Ş.Bayramov məqalədə layihəni UNEC-in timsalında araşdırıb. Müəllif “SABAH” qruplarının UNEC-in ümumi fəaliyyətinə müsbət təsirlərini ali təhsil müəssisələrinin idarə olunması nəzəriyyələri arasında mühüm yer tutan “Metyu Effekti” konsepsiyasını tətbiq etməklə nəzərdən keçirib. O, “SABAH” tələbələrinin üçdə birinə ev sahibliyi edən və sırf iqtisad və biznesyönümlü universitet olan UNEC-in ilk iki il ərzində layihədən böyük fayda qazandığını vurğulayıb.

Elit qrupların idarə edilməsi məsələsinə toxunan müəllif “SABAH”ın Təhsil Nazirliyi tərəfindən əlaqələndirilən vahid idarəetmə modelinə malik olduğunu bildirib.

Məqalədə UNEC-in “SABAH” qruplarında tədris prosesinin Harvard, Oksford, LSE və UPenn kimi qabaqcıl universitetlərin təcrübəsinə və tədris proqramına əsaslandığı qeyd olunur.

Ş.Bayramov UNEC-in “SABAH” qruplarına biznes dünyasının da böyük maraq göstərdiyini diqqətə çatdırıb. İki bank, bir sığorta şirkəti və bir dövlət komitəsinin dəstəyi ilə universitetdə xüsusi laboratoriyaların yaradıldığı bildirilib. Tələbələr burada praktik təlimlərə cəlb olunurlar. Şirkətlərin mütəxəssisləri həmin laboratoriyalarda mütəmadi seminarlar təşkil edirlər. Müəllif “SABAH”ın universitet-biznes əməkdaşlığının inkişafına töhfəsini tələbələr üçün yeni təcrübə imkanlarının yaranmasına və tədris proqramının məzmununun təkmilləşməsinə gətirib çıxarması ilə əsaslandırır.

Nəticə olaraq, alim UNEC-in milli və regional səviyyədə nüfuzunun artmasında, dünya universitetlərinin “Webometrics” reytinq sıralanmasında mövqeyinin yaxşılaşmasında və bütövlükdə universitetdə tədrisin keyfiyyətinin yüksəlməsində layihənin mühüm rol oynaması qənaətinə gəlir.

azertag.az