Azərbaycan təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi təşkil ediləcək
22.11.2016

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə “Multikulturalizm və tolerantlıq diyarı Azərbaycan” layihəsi çərçivəsində noyabrın 29-da Azərbaycan Milli İncəsənət Muzeyində təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi keçiriləcək.

2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planına əsasən açılacaq sərgidə Azərbaycan təsviri sənət ustalarının xalqların dostluğunu, multikultural və tolerant dəyərləri tərənnüm edən rəngkarlıq və qrafika əsərləri sərgilənəcək.

Həmçinin “Azərbaycan təsviri sənətində multikultural və tolerant dəyərlər” mövzusunda konfransın, habelə sərginin kataloqunun təqdimatının da keçirilməsi nəzərdə tutulub.

Layihənin məqsədi ölkəmizdə dövlət səviyyəsində təmin edilən multikultural və tolerant mühitin ötən əsrin 60-70-ci illərində rəssamlarımız tərəfindən yaradılan təsviri sənət əsərləri vasitəsilə daha geniş ictimaiyyətə çatdırılması, Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin dünyaya nümunə kimi təqdim olunması, gənclərə multikulturalizm dəyərlərinin aşılanması və tolerantlığın əhəmiyyətinin təbliğidir.

azertag.az