Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə noyabrın 24-dək "Baku Expo Center"də davam edəcək "RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya" sərgisinin bu gün açılışı olub.
Sərgidə ƏMDK-nın sədri Kərəm Həsənov, bir sıra xarici dövlətlərin Azərbaycandakı səfirləri, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak ediblər.
Sözügedən sərgi beynəlxalq inşaat, daşınmaz əmlak və invesitisiya şirkətlərinə layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli platformadır. Sərgidə Azərbaycan, Tükiyə, BƏƏ, Ukrayna, İspaniya, Portuqaliya, Rusiya, Gürcüstan, Macarıstan, Lüksemburq və Şimali Kipr Türk Respublikası kimi 11 müxtəlif ölkələrdən 100-ə yaxın brend əmlak, tikinti və inşaat şirkətləri sərgiyə qatılıb.
Bu tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda peşəkar bir məkanda toplayıb. Azərbaycan və beynəlxalq daşınmaz əmlak sektorunun ən önəmli şirkətlərindən "Xəyal Adası", "Dreamland", "AAF Park", "AF Holding", "Kristal Abşeron", "Azinko", "Absheron City Yeni Həyat", "Emlak Konut Gyo", "Ağaoğlu", "Özak Gyo", "Tahincioğlu Gayrimenkul", "Haliç Property", "TGP", "Reality Port", "Ems Yapı", "Bavi Concept", "Mare Asset, Urhome", "Voldan Investment", "Hıspano", "Hayat Estate", "Asteco", "Afik" sərginin önəmli iştirakçılarındandır.
Sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir. Beynəlxalq sərginin Azərbaycanda son illər daşınmaz əmlak və torpaq idarəçiliyi, dövlət mülkiyyətinin özəlləşdirilməsi sahəsində aparılan islahatlar baxımından da mühüm əhəmiyyəti var. Belə ki, ƏMDK tərəfindən sərgidə yaradılan pavilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, müasir informasiya-kommunikasiya texnologiyaları sayəsində əmlak, ünvan, torpaq reyestri sahəsində yaradılan sistemlər, elektron xidmətlər, proqram təminatları və digər yeniliklər nümayiş olunur. Sərgidə iştirak edən yerli və xarici təmsilçilər özəlləşdirmə prosesi, yaradılan investisiya mühiti, torpaqların elektron uçotu və vahid dövlət kadastrı, daşınmaz əmlakın dövlət reyestri sahəsində innovasiyalar, əmlak xidmətləri üzrə elektron və onlayn imkanlar, ünvan-naviqasiya sistemi və digər iri layihələr barədə əyani məlumat alacaqlar.
Eyni zamanda, sərgi çərçivəsində noyabrın 23-də “Daşınmaz əmlak sektorunda investisiyalar” mövzusunda böyük konfransın keçirilməsi də nəzərdə tutulub. Bununla yanaşı, sərgi çərçivəsində uduş kampaniyası da təşkil olunacaq. Qalib olan şəxs bir həftəlik Türkiyədə istirahət etmək şansı əldə edəcək. Daşınmaz Əmlak və İnvestisiya Sərgisi mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsidir. Eyni zamanda, özəlləşdirilən müəssisələrə investisiya yatırımları sayəsində onların fəaliyyətini tam potensialı ilə bərpa etməsi və gələcəkdə yeni iş yerlərinin yaradılmasına nail olunmasıdır.
report.az