Noyabrın 22-də A.Şaiqin mənzil muzeyində “Azərbaycan ədəbiyyatında multikultural dəyərlər” seriyasından “Həpimiz bir günəşin zərrəsiyiz” adlı tədbir keçirilib.
Muzeyin direktoru Ülkər Talıblı “Multikulturalizm ili” çərçivəsində keçirilən tədbirlərin gənc nəslin tərbiyəsində böyük əhəmiyyət daşıdığını söyləyib.
Tədbirdə şair, tərcüməçi Nəriman Qasımoğlu, muzeyin böyük elmi işçisi Arzu Hacıyeva, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun kiçik elmi işçisi Bəbir Zeynalov və başqaları Azərbaycanda multikultural dəyərlərdən söhbət açıblar.
“Azərbaycanın tolerant şairi Abdulla Şaiq”, “Azərbaycan muğamının multikultural dünyada yeri və inkişafı”, “Azərbaycan bəstəkarlarının yaradıcılığı və multikulturalizm”, “Multikulturalizm teatrın mahiyyət daşıyıcılarından biridir” mövzularında mühazirələrin dinlənildiyi tədbirdə A.Şaiqin yaradıcılığında multikulturalizmin geniş təbliğ edildiyi bildirilib. Onun “Əsrimizin qəhrəmanları” və “Araz” əsərlərində beynəlmiləlçilik ruhunun təbliğ olunduğu vurğulanıb.
Tədbirdə ədəbi-bədii kompozisiya nümayiş olunub və muğamlarımız səsləndirilib.
azertag.az