Multikulturalizmin Azərbaycan modelinə yüksək qiymət verilib
23.11.2016

Noyabrın 22-də “Sputnik Azərbaycan” mətbuat mərkəzində “Postsovet məkanında multikulturalizm problemləri” mövzusunda Bakı-Minsk-Astana-Kişineu videokörpüsü keçirilib.

Tədbirdə Bakını Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə və Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin Xidmətinin aparıcı müşaviri Anna Bayramova təmsil ediblər. Belarus tərəfindən Diplomdansonrakı Təhsil Akademiyasının dekanı, Belarus Dövlət Universitetinin psixologiya kafedrasının professoru Vladimir Yançuk, Belarus Milli Elmlər Akademiyasının “Belarus Mədəniyyəti, Dili və Ədəbiyyatı Araşdırmaları Mərkəzi”nin direktoru, professor Aleksandr Lokotko iştirak ediblər. Astanadan videokörpüyə Qumilyov adına Avrasiya Milli Universitetinin Qazaxıstan Xalq Assambleyası kafedrasının müdiri, iqtisad elmlər doktoru, professor Anatoli Başmakov və tarix elmləri namizədi, beynəlxalq münasibətlər fakültəsinin regionşünaslıq kafedrasının dosenti Taisiya Marmontova qoşulublar. Kişineunu Moldovanın Rusiyalı Həmvətənlərinin Əlaqələndirmə Şurasının sədri, Moldova Respublikasının Millətlərarası Münasibətlər Bürosunun Millətlərarası Münasibətlər və Avropaya İnteqrasiya İdarəsinin rəhbəri Pyotr Dontsov təmsil edib.

Videokörpüdə postsovet məkanı ölkələrində multikulturalizm və tolerantlıq məsələləri müzakirə edilib. Öz vətənində multikultural cəmiyyətin formalaşması prosesindən söz açan tərəflər vurğulayıblar ki, tolerantlıq dünyəvi cəmiyyətin ayrılmaz tərkib hissəsidir. Ekspertlər Azərbaycanın yürütdüyü multikulturalizm siyasətini yüksək qiymətləndiriblər.

azertag.az