Gələn il üçün qrant müsabiqəsinə həsr olunan ictimai müzakirə keçirilib
23.11.2016

Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci il qrant müsabiqəsinə həsr olunan ictimai müzakirə keçirib.

İclasda icraçı direktor Fərasət Qurbanov, Milli Məclisin deputatı Şahin İsmayılov, şuranın üzvlərindən Anar Xəlilov, Nərgiz Eyvazova, Rufiz Qonaqov iştirak ediblər.

Tədbirdə əvvəlcə layihələrin elektron qəbulu, proqram təlimatının yeni versiyası təqdim olunub. Texniki məsələlərlə bağlı suallar cavablandırılıb.

Daha sonra icraçı direktor Fərasət Qurbanov müsabiqə mövzuları barədə məlumatlar verib. Bildirib ki, Şura hər il maliyyə yardımı müsabiqələrinin mövzularını təkmilləşdirir, QHT-lərin ixtiyarına yeni mövzular verir və onların çoxsahəli fəaliyyətini nəzərə alır. Bu il də eyni sistemin tətbiq olunması nəzərdə tutulub.

O qeyd edib ki, qaçqın və məcburi köçkünlərin iqtisadi, sosial sahədə olan problemləri, ailə, qadın və uşaq məsələləri mövzusu, insan alveri, narkomaniya və bu kimi digər zərərli vərdişlərdən gənclərin uzaqlaşdırılması üçün təklif olunan layihələr müasir dövrün tələbləri ilə səsləşməlidir. Bildirilib ki, hüquq mədəniyyətinin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiyaya aid məsələlər də Şuranın diqqətindədir.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib.

azertag.az