Noyabrın 25-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın Səbail, Qaradağ və Yasamal rayonları üzrə səyyar qəbul keçiriləcək.
BŞTİ-dən bildiriblər ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.
Bakının 195 nömrəli tam orta məktəbində təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq. Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən diqqətlə öyrəniləcək, problemli məsələlər araşdırmaya yönləndiriləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.
azertag.az