Böyük Britaniya Azərbaycanda yeni hərbi attaşe təyin edib
23.11.2016

Noyabrın 22-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniyanın ölkəmizdəki səfiri xanım Kerol Meri Krofts ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. Tərəflər ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu və bu imkanların genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların inkişaf etdirilməsinin, hərbi ingilis dili kurslarının davamının və onların dinləyicilərinin sayının artırılmasının zəruriliyi xüsusi qeyd edilib.

İki ölkə arasında müdafiə, terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar sahələrində əməkdaşlığa dair fikir mübadiləsinin də aparıldığı görüşdə müdafiə naziri vurğulayıb ki, Ermənistan separatizmin, terrorizmin və ekstremizmin mənbəyidir: "Bu, təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükədir. Bu təhlükənin qarşısının alınması üçün bütün beynəlxalq qurumlar birgə fəaliyyət göstərməlidirlər".

Britaniyalı diplomat da, öz növbəsində, regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizədə birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra britaniyalı diplomat ölkəsinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi polkovnik-leytenant Deyvid Ethelli nazirə təqdim edib.

trend.az