Parisdə UNESCO-nun baş qərargahında Azərbaycanın bu təşkilatda daimi nümayəndəliyinin və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə Şain Sinarianın “İvon Bottonun arzuladığı həyat” kitabının təqdimatı keçirilib.
Azərbaycanın UNESCO-da daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini diqqətə çatdırıb. A.Kərimov Azərbaycanın əsrlər boyu ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı məkan kimi tanındığını vurğulayıb, ölkəmizdə multikulturalizmin həyat tərzi olduğunu bildirib.
O, Roma Papası Fransiskin ölkəmizə səfərinin təsadüfi olmadığını vurğulayaraq bildirib ki, “Bakı prosesi” mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edir. Azərbaycan radikalizm və ekstremizmə qətiyyətlə yox deyir, cəmiyyətdə sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş yer verir. Müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın hərbi təcavüzü və onun apardığı etnik təmizləmə siyasəti ilə üzləşsə də, yenə də dialoqun gücünə inanır, müxtəlif din və millətlər arasında sülhü təşviq edir.
A.Kərimov bildirib ki, tədbirin UNESCO-nun baş qərargahında təşkil edilməsi təsadüfi deyil. Bu təşkilat da sülh, dialoq, qarşılıqlı anlaşma və tolerantlığın təşviqinə böyük əhəmiyyət verir.
Qeyd olunub ki, Ş.Sinarianın “İvon Bottonun arzuladığı həyat” kitabı fransız İvonun həyatından bəhs edir. İkinci Dünya müharibəsi zamanı azərbaycanlı əsgər Şəmmədi sevən 17 yaşlı İvon Botto öz doğma vətənini tərk edərək mədəniyyət, dil və din baxımından tamamilə fərqli bir ölkəyə - Azərbaycana gəlir.
Bildirilib ki, dialoq və multikulturalizmi təcəssüm etdirən İ.Botto xalqlar və mədəniyyətlər arasında insan körpüsüdür. A.Kərimov İ.Bottonun səhhəti ilə bağlı tədbirdə iştirak edə bilməməsinə təəssüfləndiyini bildirib və onun ailəsinə qovuşmasında TEAS-ın rolunu yüksək qiymətləndirərək təşkilatın üzvlərinə təşəkkür edib.
UNESCO-nun baş direktorunun nümayəndəsi Dendev Badarç çıxış edərək “İvon Bottonon arzuladığı həyat” kitabının böyük dəyəri olduğunu vurğulayıb. O, “Mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanı təşviq etmək üçün e-öyrənmə mənbələrinin inkişafı” layihəsinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib. UNESCO-nun əsas tərəfdaşı olduğu Mədəniyyətlərarası Dialoq IV Beynəlxalq Forumunun 2017-ci ilin may ayında Azərbaycanda keçiriləcəyini bildirib. O, İ.Bottonun həyatına həsr edilmiş bu kitabın mərhəmət, insanlığa inam baxımından hər birimiz üçün ilham mənbəyi olacağını qeyd edib.
TEAS Fransa ofisinin direktoru Mari-Letisiya Qurden isə İ.Botto və onun ailəsi ilə tanışlığının tarixindən danışıb.
Fransa Prezidenti Fransua Ollandın 2014-cü ilin mayında ölkəmizə rəsmi səfəri zamanı İ.Botto ilə görüşdüyü və onu iki ölkə arasında dostluğun ən yaxşı nümunəsi kimi qiymətləndirdiyi bildirilib.
Sonra Marsel Botto əmisi qızı İ.Bottonun ailəsi və onun gəncliyi haqqında geniş məlumat verib.
Tədbir xalq artisti Ənvər Sadıqov və əməkdar artist, caz ustası Emil Əfrasiyabın ifasında konsert proqramı ilə davam edib.
trend.az