Noyabrın 23-də Azərbaycan Texniki Universitetində (AzTU) “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans işə başlayıb.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin universitetin foyesindəki büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.
AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov konfransın əhəmiyyətindən danışaraq diqqətə çatdırıb ki, tədbirin keçirilməsinin məqsədi müasir informasiya və kommunikasiya texnologiyalarının inkişaf ənənələri, perspektivləri sahəsində alim və mütəxəssislərin elmi nailiyyətləri barədə müzakirələr aparmaqdır. Telekommunikasiya sahəsində peşəkar kadrların yetişdirilməsində aparıcı rol oynayan AzTU bu istiqamətdə yeni dünya trendlərinə cavab verən innovativ texnologiyaların öyrənilməsini prioritet vəzifə kimi qarşıya qoyub.
Tədbirdə “İKT-nin inkişafı və innovativ texnologiyalara transformasiya mərhələləri”, “Azərbaycanda İKT infrastrukturunun inkişaf meyilləri” və digər mövzularda məruzələr dinlənilib.
azertag.az